Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir - "Azərişıq"

Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir -
"Azərişıq" ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır.
Bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verilir.
Məlumata görə, Cənub regionunda müşahidə olunan güclü külək, intensiv yağış və dolu yağması, xüsusilə Masallı və Lənkəranın kənd və qəsəbələrində, qismən də Lerik və Yardımlının bir neçə yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb. Buna səbəb güclü küləyin elektrik dayaqlarını aşırması, həmçinin ağacların qırılaraq yüksək gərginlikli xətlərin üzərinə düşməsi və nəticədə qəzaların yaranmasıdır.
Leysan xarakterli intensiv yağışların və dolunun yağması yollarda nəqliyyatın hərəkətini olduqca çətinləşdirir. Üstəlik aşan ağacları kəsib götürmək və qəzalı vəziyyətə düşmüş dayaqları ərazidən kənarlaşdırmaq "Azərişıq" əməkdaşlarına əlavə problem yaradır. Qeyri-sabit hava şəraitində bütün çətinliklərə baxmayaraq əməkdaşlar qəzanı aradan qaldırmaq üçün fasiləsiz çalışır. Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.

Mənbə: azxeber.com