“Real”ın baş məşqçisi Karlo Ançelotti vəzifəsində nə qədər qalacağını bilmədiyini deyib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə ötən gün Çempionlar Liqasının 1/4 finalnın Madriddə “Arsenal”a uduzduqları (1:2) cavab matçından sonra danışıb.
İtaliyalı mütəxəssis gələn mövsüm “Real”da olub-olmayacağı ilə bağlı suala belə cavab verib: “Yeni mövsüm burda qalıb-qalmayacağımı bilmirəm. Çox şey yaşadıq, futbolda sevincli və kədərli hadisələr yaşanır. Sevinməyə öyrəşmişdik. Mövsüm davam edir, hələ heç nə bitməyib. Klublararası dünya çempionatında komandanın başında mən olacam? İndi bu barədə danışa bilmərəm. Klub dəyişiklik etmək istəyərsə, qərara hörmətlə yanaşaram”.
K.Ançelotti həmçinin qeyd edib ki, məğlubedilməz komanda yoxdur: “Bu gün bunu təhlil etmək yersizdir, uğursuzluğu qəbul etməliyik. Futbolçulara dedim ki, başlarını dik tutsunlar, bu il buna nail olmasaq da, biz başqa mövsümlərdə çox şey əldə etmişik. Futbolda belə olur, məğlubedilməz komanda yoxdur”.
Xatırladaq ki, Londonda keçirilən ilk oyunda da “Arsenal”a məğlub olan (0:3) Kral klubu Çempionlar Liqası ilə vidalaşıb.
Mənbə: qafqazinfo.az