“Skype” bu gündən fəaliyyətini dayandırır

“Skype” bu gündən fəaliyyətini dayandırır

"Skype" rabitə platforması 5 may 2025-ci il tarixində fəaliyyətini dayandıracaq.

Bu barədə istifadəçilərə göndərilən rəsmi bildirişdə qeyd olunub.

"Microsoft" şirkəti bildirir ki, bu addım "Skype"ın yerini daha müasir ünsiyyət və əməkdaşlıq platforması olan "Microsoft" "Teams"in tutması ilə bağlıdır. "Teams" platformasına keçid tamamilə pulsuzdur və istifadəçilərin hesab məlumatlarında dəyişiklik tələb olunmur.

“Bütün kontaktlar və söhbətlər avtomatik olaraq "Microsoft Teams"ə köçürüləcək. "Skype" istifadəçiləri yaxın günlərdə proqramda keçidlə bağlı lazımi addımları atmaq üçün bildiriş alacaqlar”, – deyə şirkətin yaydığı bülletendə bildirilir.

Bundan əlavə:

"Skype" məlumatları 2026-cı ilin yanvar ayına qədər istifadəçilər üçün əlçatan olacaq, bu müddət ərzində istənilən istifadəçi məlumatlarını özü silə və ya ixrac edə biləcək. Əgər heç bir tədbir görülməzsə, həmin tarixdən sonra məlumatlar avtomatik silinəcək.

"Skype"dan kontaktları və söhbət tarixçəsini ixrac etmək mümkündür – bu, "Teams"ə keçid etmədən də həyata keçirilə bilər.

2025-ci ilin mayından sonra aktiv "Skype" abunəliyi və kreditləri olan istifadəçilər bu xidmətlərdən "Skype" yığım paneli, "Skype" veb portalı və "Teams"in pulsuz versiyası vasitəsilə istifadə etməyə davam edə biləcəklər.

2026-cı ilin martından etibarən isə "Skype" dəqiqələri "Microsoft 365 Personal" və "Microsoft 365 Family" abunəliklərindən çıxarılacaq.

"Microsoft"un bu qərarı uzun illər ərzində geniş istifadəçi kütləsinə malik "Skype" platformasının rəsmi sonunu simvolizə edir. İstifadəçilərə isə məlumatlarını qorumaq və uyğun keçid addımlarını vaxtında atmaq tövsiyə olunur.

Mənbə: publika.az