Gəncə Səyyar “ASAN xidmət”in nümayəndələri sentyabrın 1-dən 25-dək xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 78 (Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasının arxası, İsmayıl Şıxlı parkının yanı) ünvanında əhaliyə səyyar xidmətlər göstərəcəklər.
Səyyar şəkildə göstərilən xidmətlər əsasən Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunacaq.
Bu xidmətlərə tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, həmçinin, daşınmaz əmlakla bağlı bütün xidmətlər, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxildir.
Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir.
Mənbə: azertag.az