Üzeyirin mahnısını eşitdim, ona “səs ver” deməyə utandım...

Üzeyirin mahnısını eşitdim, ona “səs ver” deməyə utandım...

Əyləşdiyimiz restoranda Azərbaycandan gəldiyimizi öyrənib bizə jest edirlər. Beş dəqiqə sonra fonda Üzeyirin mahnısı səsləndirilir. Ona görə ərk edib “Üzeyirin” deyirəm ki, soyadı Hacıbəyli deyildi...

Getdiyim “Çorsu” bazarda da Üzeyirin səsi qulağıma gəlir. Hətta ürəyimdən piştaxta arxasında dayanıb at əti satan qəssəba “ona bir az “xod” ver” demək də keçdi, nədənsə çəkindim, utandım. Amma bu utanmaq xəcalətdən deyildi...

Bu, dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasının həmin şəhərdə səhnəyə qoyulması ilə eyni günə təsadüf edirdi. Amma bir gərçək də var idi ki, Azərbaycanın Mədəniyyəti Günlərindən əvvəl bu şəhərə Üzeyir gəlmişdi. Özü də dəfələrlə... Kolumbun Amerikanı kəşf etməsi kimi...

Halbuki Əbülfəs Qarayev mədəniyyət naziri təyin edildiyi ildə Üzeyirin 16, Hacıbəylinin sözügedən əsərinin isə 93 yaşı var idi. Sabiq nazirin vəzifədə olduğu 14 ildə Mehdizadə daha çox inkişaf etdi, sərhədləri aşdı, nəinki mədəniyyətimiz...

Qısası, Mərkəzi Asiyanın mərkəzindəyəm. Burada şirkətlər hündürmərtəbəli binalar tikmək üçün mərkəzdən 45 km qaçmalıdır. Buna mərkəzdənqaçma qüvvəsi də deyə bilərik.

Şəhər başdan-ayağa park, yaşıllıqdır, Sovet dönəmində tikilmiş binalar restavrasiya olunub. Bir sakinin hava almaq üçün müəyyən məsafə qəth edib parka getməsinə ehtiyac da yoxdur. Evin kəndarından atdığı addımın dəydiyi ilk yer elə parkın özüdür.

Belə gördüm Daşkəndi - geniş küçələr, səkilər və bir də tıxacsız yollar...

Fikrimcə, burada ən çörəksiz iş nevroloq olmaqdır. Çünki Daşkənddə olduğum dörd gün ərzində cəmi üç dəfə siqnal səsi eşitdim ki, bu da sutkaya 1,33 siqnal deməkdir. Bakıda bu rəqəmin gündəlik və ya saatlıq sayını dəqiqləşdirmək üçün yəqin ki, xaricdən mütəxəssislər dəvət edilməlidir.

Özbəkistanın paytaxtında ən böyük siqnal 66-cı ildə səslənib. Həmin ildə DAŞkəndin ilk hecası daş üstündə qalmayıb. Bizim işğal dövründəki AğDAMın son hecası kimi...

Daşkənd zəlzələsi 8-9 bal gücündə olub və 10-12 saniyə davam edib. Bu təbii fəlakət 36 min binanı qismən və ya tamamilə dağıdıb. Sovet dönəminə təsadüf etdiyi üçün, rəsmi mənbələr cəmi 8 nəfərin ölümünü qeyd edib.

Həmin ilin zəlzələsinin baş verdiyi saatlarda Bakı aeroportundan qalxıb iki saat yarım sonra İslam Kərimov adına hava limanına enirik.

“Pasport nazoratı”na yaxınlaşanda növbə gözləyən Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın incəsənətdən olan dostları - Natiq Şirinovla aşıq Samirə üçün mini-konsert verdiyini görürəm. Bəzi mahnıları zümzümə edir, onun tarixi və əslində, kimə məxsus olması barədə məlumat verirdi. Sözün hər iki mənasında əsl növbə mədəniyyəti idi...

Gəldiyimiz günün səhəri Özbəkistanda “Ozarbayjon madaniyati kunlari” başlayır. Bu ilin martında Qətərdə təşkil olunan eyniadlı tədbirdən fərqli olaraq, budəfəki heyət 241 nəfərdir. Mədəniyyət Nazirliyi heyəti daha 78 nəfər genişləndirib. Xanəndələr, musiqiçilər, rəqqaslar, incəsənət nümayəndələri - bir sözlə hər kəs öz işini, hərə öz mədəniyyətini, ümumilikdə isə hamı Azərbaycanı göstərəcək.

Onların arasında yeniyetmə Həzrət Əzizli də var. Azərbaycan musiqisinin Qala konserti onun ifası ilə başlayır. “Bayatı-Şiraz”ı səsləndirir.

İlk dəfədir o zalda fərqinə varıram ki, bu muğamı yaşadığın yerdən km-lərlə uzaqda dinləyəndə fərqli hisslər keçirirsən. Bu, Şuşada, Xankəndidə bayrağın sancılmasına bərabər bir hissdir. Çox təsirlidir, sevincdən adam kövrəlir. Bu sanki Azərbaycanın ikinci dövlət himnidir. İkisi də ayaqda oxunur, ikisi də ayaqda alqışlanır.

Konsertdən sonra yerli sakinlərdən “gəzmək üçün Daşkənddə hara gedə bilərəm?” - deyə soruşuram. İki yer məsləhət görülür: “Tashkent City” və “Magic City”.

“Magic City” maraqlı yerdir. Nağıllar aləminə bənzəyir, musiqili fantanı da bura əlavə rəng qatır. Amma daha çox uşaqların, özbək dili ilə desək, boloların əyləncəli vaxt keçirməsi üçündür. Bu şəhərin böyükləri də uşaqlarla eyni vaxtda yatır. Saat 11-dən sonra demək olar ki, həyat sönür. Elə də çox olmayan əyləncə məkanlarının böyük qismi həmin saatdan sonra bağlanır.

Gəzməli yer kimi təqdim edilən “Tashkent City” ilə bağlı isə bəh-bəhli cümlələr qura bilməyəcəm. Bura sən demə, AVM imiş və bundan bizdə kifayət qədərdir.

Ümumiyyətlə, özbəklərdə “düşüm aşağıdan çörək alıb gəlirəm” anlayışı da yoxdur. Bu baxımdan Daşkənddə olduğumuz müddətdə market axtarmaq üçün bir xeyli idman etmiş olduq. Dükanlarda tütün məmulatları da satılmır. Bunun üçün ayrılmış ayrı köşklər var. Özbək pulunun dəyəri də yoxdur, 1000 som bizim 13 qəpikdir. Elektroavtobuslarda gediş haqqı isə 2000 somdur. İki minin yanına bir sıfır da artıranda şəhərdaxili istədiyin yerə taksi ilə də gedə bilirsən.

Bakıya dönürük. Mədəniyyət tədbirləri hətta təyyarədə də davam edir. Natiq Şirinov nağarada, aşıq Əli ilə Samirə sazda ifa edir. “Azərbaycan” mahnısını oxuyurlar. Onlara Mənsum İbrahimov da qoşulur.

Başdan ayağa mədəniyyətBİZLİK idi...

Emin Səfərov, Bakı-Daşkənd-Bakı.

Mənbə: qafqazinfo.az