1920-ci ilin bu günündə Azərbaycanın Tehrandakı səfiri Adil Xan Ziyadxanovun Azərbaycan Xarici İşlər Nazirliyinə teleqramı ünvanlayıb. Həmin teleqramda erməni silahlı dəstələrinin yaşayış məntəqələrinə hücum etdiyi bildirilib:
“Naxçıvandan və İranın müxtəlif yerlərindən aldığım çoxlu teleqramlarda ermənilərin Naxçıvana və Ordubada hücum etdikləri, İran ermənilərinin də onlara dəstək verdiyi göstərilir. Bu barədə Tehrandakı ingilis, ABŞ və fransız səfirliklərinə bildirmişəm... Təcili tədbirlər görülməlidir”.
Bəs, aprelin 10-da dünyada daha hansı hadisələr baş verib?
1. 10 aprel 1845-ci ildə Türk polis təşkilatı qurulub.
2. 10 aprel 1922-ci ildə Genuya Konfransı başlayıb. Nəriman Nərimanov sovet nümayəndə heyətinin üzvü kimi İtaliyada baş tutan bu konfransda iştirak edib.
3. 10 aprel 1925-ci ildə III Zaqafqaziya sovetlər qurultayı başlayıb.
4. 10 aprel 1944-cü ildə Sovet qoşunu Odessanı azad edib.
5. 10 aprel 1955-ci ildə SSRİ və Çin arasında nüvə reaktorunun inşa edilməsinə dair saziş imzalanıb.
6. 10 aprel 1969-cu ildə SSRİ-nin qanadları həndəsi dəyişən ilk təyyarəsi “MİQ 23”-ün sınaqları başlayıb.
7. 10 aprel 1972-ci ildə Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya qəbul edilib.
8. 10 aprel 1992-ci ildə Rusiya Azərbaycanın müstəqilliyini tanıyıb. Bununla da Azərbaycanı tanıyan dövlətlərin sayı 109-a çatıb.
9. 10 aprel 1996-cı ildə Azərbaycan və Pakistan arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Aprelin 10-da bu şəxsiyyətlər xatırlanır:
1. 10 aprel 2004-cü ildə Türk iş adamı Sakıf Sabancı vəfat edib.
2. 10 aprel 2010-cü ildə Polşa prezidenti Lex Kaçinski təyyarə qəzasında həlak olub.
3. 10 aprel 1923-cü ildə yazıçı-dramaturq Salam Dadaş oğlu Qədirzadə (1923 – 16.11.1987) Bakıda anadan olub. “46 bənövşə”, “Sevdasız aylar”, “Sən olmasaydın” və s. nəsr əsərləri, “Şirinbala bal yığır”, “Hardasan, ay subaylıq”, “Həmişəxanım” komediyalarının müəllifidir.
4. 10 aprel 1928-ci ildə Əməkdar rəssam Solmaz Qurban qızı Musayeva (1928-2016) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrında quruluşçu rəssam və baş rəssam işləyib.
5. 10 aprel 1930-cu ildə tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Musa İsrafil oğlu Adilov (1930-1996) Quba rayonunda anadan olub.
6. 1939-cu ilin bu günündə Xalq artisti, xanəndə Teymur Ağaxan oğlu Mustafayev (1939 –11.6.2020) Cəlilabad rayonunda doğulub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
7. 10 aprel 1979-cu ildə Əməkdar mədəniyyət işçisi, aşıq Şakir Şahverdi oğlu Hacıyev (1922-1979) vəfat edib.
8. 10 aprel 1992-ci ildə Milli qəhrəman Şahlar Hüseynov Marquşavan kəndi uğrunda döyüşlərdə həlak olub.
Surxay Atakişiyev, Bizim.Media
Mənbə: bizim.media