"Qubadlı alınanda səhər tezdən Şəhidlər Xiyabanına gəldik, şəhidlərimizə gözaydınlığı verdik" - Milli Qəhərman Ələkbər Əliyevin oğlu - VİDEO - FOTOLAR

"Qubadlı alınanda səhər tezdən Şəhidlər Xiyabanına gəldik, şəhidlərimizə gözaydınlığı verdik" - Milli Qəhərman Ələkbər Əliyevin oğlu - VİDEO - FOTOLAR

Şanlı Azərbaycan Ordusu uzun həsrətə son qoyaraq Qarabağı işğaldan azad edir. Hər keçən gün bizi tam qələbəyə daha da yaxınlaşdırır. Azərbaycan torpaqları uğrunda onun müdafiəsi üçün çox igid ərlərin qanı tökülüb. Azərbaycan xalqı hər zaman yağı düşmən qarşısında duruş gətirib və torpaqlarını müdafiə etməyə çalışıb.

Bu ilin 25 oktyabr tarixi Qubadlı şəhərinin sakinlərinin hafizəsindən heç vaxt çıxmayacaq. Rəşadətli Azərbaycan Ordusu 27 ildən sonra torpaqları düşmən tapdağından azad etdi. Qubadlı rayonu çox qəhrəmanlar yetişdirib və çox şəhidlər verib. Bu şəhidlərdən biri də Milli Qəhrəman Ələkbər Əliyevdir.

O, 1955-ci il dekabr ayının 22-də Qubadlı rayonunun İşıqlı kəndində dünyaya gəlib. Sumqayıt Politexnik Universitetinə daxil olub və bitirdikdən sonra Ələkbər Əliyev Sovet Ordusu sıralarında 2 il xidmət edib.

Ermənistan Azərbaycan torpaqlarına göz dikəndə Ələkbər Əliyev bu haqqsızlıqa barışmadı. Müharibə başlayanda Ələkbər Əliyev silaha sarılaraq vətənin müdafiəsinə qalxdı. Kənddə döyüşə çağrılan ilk insanlardan biri o idi. Ələkbər Əliyevin dörd övladı olmasına baxmayaraq, o, torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatıldı.

Şəhidin böyük övladı Xəyal Əliyev həmin anları bu günkü kimi xatırlayır. Onun sözlərinə görə atası kənd əhalisindən ibarət olan könüllü dəstədə xidmət edib.

“İlk çağırışlardan biri də mənim atama gəlmişdi. İnsanlar da bundan sonra düşündülər ki, Ələkbər Əliyev çağrılıbsa, biz də getməliyik”, şəhidin oğlu söyləyib.

Atası haqqında xatirələrini danışarkən oğlu Xəyal onun kənd camaatı içərisində çox hörmətli və sayılıb seçilən şəxs olduğunu dilə gətirib. Eyni zamanda ailəsinə və övladlarına qarşı çox qayğıkeş insan olduğunu da əlavə edib.

“Atam şəhid olanda mənim 11 yaşım var idi. Mən böyüdükcə qonşuların kəndlilərin onun haqqında danışdıqlarından anlayırdım ki, o çox sadə, ağır təbiyyətli insan olub. Uşaqla uşaq və böyüklə böyük kimi idi. Atam şəhid olanda 37 yaşı var idi. Həmin vaxtlarda kənddə xeyir şər olanda, toy olanda atamı çağırıb deyirdilər ki, “Ələkbər gəlib, xeyir dua versin”. O, cavan yaşında camaat arasında böyük hörmət qazanmışdı”.

Ələkbər Əliyev Laçın uğrunda gedən ağır döyüşlərdə iştirak edib və tağım komandiri vəzifəsini icra edib. Onun döyüş yoldaşları Ələkbər Əliyevin onları qorumaq və vətəni müdafiə etmək üçün əsgərlərdən öndə getdiyini söyləyirdi.

1992-ci 7 avqust tarixində Laçın rayonunun Suarası kəndində ağır döyüşlər baş verdi. Düşmənlə qeyri-bərabər mübarizədə Ələkbər Əliyev əlbəayaxa döyüşə girir. O, bir çox düşməni məhv edə bilsə də həmin döyüşdə şəhid olur.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Vətənin qəhrəman övladı Şəhidlər Xiyabanında dəfn edilib. Onun mübarək adı Xətai rayonundakı 204 saylı orta məktəbə verilərək əbədiləşdirilib.

Ancaq onun qanı yerdə qalmadı. Azərbaycan Ordusu şəhidlərimizin qisasını mənfur düşməndən aldı. 25 oktyabrda Qubadlı şəhəri azad edildi. Xəyal Əliyev azadlıq xəbərini alanda keçirdiyi hissləri bizlərlə paylaşdı:

“O xəbəri eşidəndə keçirdiyim hissləri dil ilə demək olmur. 28 il idi biz bu günü gözləyirdik. İki tərəfli sevincdi, həm rayonumuz alındı həm də şəhidlərimizin qanı yerdə qalmadı. Həmin sevinci dil ilə ifadə edə bilmirəm. Cənab prezident xəbəri verən kimi dərhal səhər tezdən qohum-əqraba və tanışlarla birgə Şəhidlər Xiyabanına getdik. Orada şəhidlərimizə gözaydınlığı verdik ki, qanınız yerdə qalmadı”.

Bununla da o, artıq atasının ruhunun şad olduğuna və qanının yerdə qalmadığına inandığını bildirib. Allah bütün şəhidlərimizə rəhmət etsin, artıq onların ruhu dinclik tapdı.

Mənbə: ednews.net