Dövlət başçısı: Azərbaycan artıq Çindən müəyyən təyinatlı hərbi məhsullar əldə edib

Dövlət başçısı: Azərbaycan artıq Çindən müəyyən təyinatlı hərbi məhsullar əldə edib

Ötən il Çin Xalq Respublikasına dövlət səfərim və Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasından sonra bütün istiqamətlər üzrə əməkdaşlığımızda çox ciddi fəallaşma baş verib.

Bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Ötən il Çin Xalq Respublikasına dövlət səfərim və Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanmasından sonra bütün istiqamətlər üzrə əməkdaşlığımızda çox ciddi fəallaşma baş verib. Bu, siyasi, iqtisadi, nəqliyyat və digər bütün sahələri əhatə edir. Biz bundan çox məmnunuq və bu əməkdaşlığa böyük əhəmiyyət veririk. Hazırda Azərbaycanda daha çox Çin şirkəti fəaliyyət göstərir. Onların bir qismi artıq iri investisiya layihələri həyata keçirir, digərləri isə müxtəlif infrastruktur layihələrində iştirak edirlər”, - dövlət başçısı deyib.

Prezident İlham Əliyev dövlət səfəri zamanı Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirdiyini xatırladıb: “Məmnunluqla qeyd edirəm ki, onların Azərbaycandakı fəaliyyəti artıq real nəticələr verir. Onlar son dərəcə səmərəli, operativ və yüksək keyfiyyətlə işləyirlər. Biz əməkdaşlığımızın yeni bir istiqamətini də açmışıq. Bu, müdafiə sahəsində əməkdaşlıqdır. Azərbaycan artıq Çindən müəyyən təyinatlı hərbi məhsullar əldə edib. Onların bir hissəsi Qələbəmizin beşinci ildönümünə həsr olunmuş hərbi paradda nümayiş etdirildi. Digər hissəsi hazırda ölkəmizə gətirilir, bəzi layihələr isə hələ müzakirə mərhələsindədir. Biz hərbi-texniki əməkdaşlığın inkişafında çox maraqlıyıq.

Orta Dəhlizə gəlincə, Çindən Azərbaycan vasitəsilə daşınan, eləcə də Azərbaycana yönələn yüklərin həcmi artmaqda davam edir. Artıq qeyd etdiyim kimi, biz əsasən Çindən və Mərkəzi Asiya ölkələrindən gözlənilən yeni yük axınlarını nəzərə alaraq ticarət limanımızın gücünü demək olar ki, iki dəfə artırırıq. Bu sahədə artıq uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. Eyni zamanda, dəhliz boyunca yerləşən bir çox ölkələrlə çoxtərəfli əməkdaşlıq da uğurla inkişaf edir. Azərbaycanda günəş enerjisinin inkişafı istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Çin şirkətləri bu sahəyə investisiya yatırmağa nisbətən yaxın vaxtlarda başlasalar da, ölkəmizdə quraşdırılmış bütün günəş panelləri, hətta qeyri-Çin şirkətlərinin həyata keçirdiyi layihələr çərçivəsində istifadə olunan panellər belə Çin istehsalıdır. Yəni Azərbaycanda gördüyünüz istənilən günəş paneli, onu hansı şirkətin quraşdırmasından asılı olmayaraq, Çində istehsal olunub. Bu sahədə qiymət və keyfiyyət baxımından heç bir ölkə Çin istehsalçıları ilə rəqabət apara bilmir. Təsadüfi deyil ki, hazırda Çin şirkətlərindən biri Azərbaycanda günəş panellərinin istehsalı zavodunun tikintisini həyata keçirir. Bu müəssisə gələcəkdə ixrac üçün də məhsul istehsal edəcək”.

Prezident İlham Əliyevin sözlərinə görə, ikitərəfli əməkdaşlığın son dövrdəki mühüm hadisələrindən biri də BYD şirkəti ilə elektrik avtobuslarının birgə istehsalı layihəsidir: “Hazırda şəhərdə bunu görmək mümkündür. Bizim iki rəngdə avtobuslarımız var – yaşıl rəngli elektrik avtobusları və ənənəvi qırmızı avtobuslar. Yaşıl avtobusların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Beləliklə, əməkdaşlıq üzrə çoxlu layihələr həyata keçirilir. Münasibətlərimizin inkişafından çox razıyıq. Bizi sevindirən digər məqam isə odur ki, dövlət rəhbərləri səviyyəsində qəbul olunan siyasi qərarlardan konkret layihələrin icrasına keçid çox qısa müddətdə baş verir. Bu xüsusiyyət Çin şirkətlərini bir çox digər tərəfdaşlardan müsbət mənada fərqləndirir. Bəzi şirkətlərlə aylarla, hətta illərlə danışıqlar aparmaq lazım gəlir, sonra isə layihələrin həyata keçirilməsi prosesi də uzanır. Çin şirkətləri ilə isə bütün işlər dəqiq qrafik üzrə irəliləyir. Həm mən, həm də Çin şirkətləri ilə əməkdaşlığa cavabdeh olan bütün dövlət qurumları bu əməkdaşlıqdan çox razıdır”.

Mənbə: apa.az