Azərbaycan uzun illər beynəlxalq arenada müxtəlif siyasi dairələrin, senatorların, prokurorların və təşkilatların qərəzli ittihamlarının hədəfinə çevrilib.
Haqqin.az saytının baş redaktoru Timur Hüseynovun müəllifi olduğu geniş publisistik məqalədə son illərin ən diqqətçəkən siyasi hadisələri fonunda bu şəxslərin və institutların sonrakı taleyi təhlil edilir.
Məqalədə qeyd olunur ki, illərlə Azərbaycana qarşı sanksiyalar tələb edən, ölkəmizi beynəlxalq tribunalardan ittiham edən ABŞ senatoru Robert Menendes sonradan korrupsiya ittihamları ilə məhkum olunaraq həbsxanaya göndərilib.
Müəllif bunu "zamanın ən ədalətli hökmü" kimi qiymətləndirir.
Yazıda 2023-cü ildə Qarabağda guya "erməni soyqırımı" baş verdiyini iddia edən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun proqnozlarının doğrulmadığı, özünün isə sonradan maliyyə qalmaqalları və etik pozuntularla gündəmə gəldiyi vurğulanır.
Müəllif Avropa Parlamentinin keçmiş deputatı Pyer Antonio Panzeri və "Qatarqeyt" qalmaqalını da xatırladaraq, insan haqları adı altında Azərbaycana təzyiq göstərən bir sıra siyasətçilərin sonradan rüşvət və korrupsiya ittihamları ilə ifşa olunduğunu qeyd edir.
Məqalədə ATƏT-in Minsk qrupunun 30 ildən artıq müddətdə Qarabağ münaqişəsinin həllinə nail ola bilmədiyi, 2025-ci ildə isə bu formatın rəsmən ləğv edildiyi xatırladılır.
Eyni zamanda, Qarabağdakı keçmiş separatçı rejimin rəhbərlərinin Azərbaycan məhkəməsi tərəfindən müxtəlif müddətlərə azadlıqdan məhrum edildiyi və Ermənistanın siyasi ritorikasının zamanla dəyişdiyi vurğulanır.
Müəllif yazını belə bir fikirlə yekunlaşdırır: Azərbaycana qarşı qərəzli kampaniyalar aparan şəxslər dəyişə bilər, lakin zaman hər kəs üçün ən obyektiv hakim olaraq qalır.

Mənbə: bizim.media