TikTok bloqerləri arıqlamaq məqsədilə təhlükəli parazitə yoluxmağa çalışırlar

TikTok bloqerləri arıqlamaq məqsədilə təhlükəli parazitə yoluxmağa çalışırlar

ABŞ-da yay mövsümünə qədər arıqlamaq istəyən bəzi TikTok istifadəçiləri qida vasitəsilə təhlükəli infeksiyaya yoluxmağa çalışırlar.


“The Post” nəşrinin məlumatına görə, pəhriz və idman zalı sürətli nəticə vermədikdə, bəzi gənclər həddindən artıq üsullara əl atırlar. ABŞ-ın TikTok seqmentində istifadəçilərin yuyulmamış göyərti və giləmeyvə yeyərək siklosporoz adlı bağırsaq parazitinə yoluxmağa çalışdığı təhlükəli tendensiya yayılır.

Siklosporoz orqanizmdə güclü ishala səbəb olan və insanı zəiflədən parazit infeksiyasıdır.

“Diarrhea diet” (“ishal pəhrizi”) və “Cyclospora skinny” (“siklosporadan arıqlamaq”) həştəqləri xəstəlik dərəcəsində arıqlığı ideallaşdıran “SkinnyTok” icmasında sürətlə populyarlaşır.

“Bu parazitdən 7-9 kiloqram arıqladıqlarını öyrənəndə mən... Yay hələ bitməyib!” – deyə Boston sakini bloqer Françeska 2,2 milyon baxış toplayan videosunda zarafatla salat yeyir.

Bir çox istifadəçi bu cür videoları “satira” kimi təqdim etsə də, digərləri artıq “real nəticələr” paylaşırlar.

“Qidalanmağımı dəyişməyə sadəcə tənbəl olduğum üçün siklosporaya görə hər şeyi riskə atıram”, – deyə Texas sakini Madi yazıb.

Digər istifadəçi isə “Bir ay xəstə oldum, amma 4,5 kiloqram arıqladım” sözləri ilə paylaşım edib.

Təhlükəli epidemiya: CDC xəbərdarlıq edib

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) isə vəziyyətin heç də zarafat olmadığını bildirib. Ölkədə onlarla ştatı əhatə edən genişmiqyaslı siklosporoz yayılması qeydə alınıb.

İnfeksiyanın əsas əlamətləri güclü ishal, qarında kəskin ağrılar, ürəkbulanma və susuzlaşmadır. Müalicə olunmadıqda bu simptomlar həftələrlə davam edə bilər.

Yoluxma mənbələri arasında təzə giləmeyvələr (moruq, böyürtkən), göyərti (reyhan, keşniş, salat qarışıqları) və doğranmış tərəvəzlər göstərilir. Hakimiyyət orqanları çirklənmiş məhsulların ictimai iaşə obyektlərinə düşməsi ehtimalı ilə fastfud şəbəkələrində də yoxlamalara başlayıb.

Həkimlər xəbərdarlıq edir: bu, sadəcə su itkisidir

Dietoloqlar ekstremal arıqlama üsullarına əl atan insanları sağlam düşüncəyə çağırırlar.

“İshal zamanı çəki itkisi yağ itkisi deyil, sadəcə susuzlaşmadır. İnfeksiya keçdikdən sonra bütün çəki geri qayıdacaq. Amma bağırsaq mikroflorasının zədələnməsi və həzm problemləri illərlə qala bilər”, – deyə dietoloq Bonni Roni bildirib.

Lakin həkimlərin xəbərdarlıqlarına baxmayaraq, bəzi ekstremal arıqlama tərəfdarları ideal bikini görüntüsü üçün sağlamlıqlarını riskə atmağa davam edirlər.

Mənbə: bizim.media