Müxalifətin gücü ilə Nikol Paşinyan hakimiyyətinə son qoya bilməyən qüvvələr indi də belə fikirlər ortaya atırlar ki, baş naziri öz adamları, öz komandası devirəcək.
Belə bir iddia ilə “Hraparaq” nəşri çıxış edib.
Erməni nəşrinə görə, Paşinyanın siyasi sistemi çat verməyə başlayarsa, ona ən ağır zərbə meydandan deyil, məhz illər ərzində özünün formalaşdırdığı siyasi çevrədən gələ bilər:
“Çünki hakimiyyətin sərt qanunlarından biri budur: insanları yalnız öz yanında olsunlar deyə yüksəldirsənsə, onlar da sükan sənin əlində olduğu müddətcə yanında qalırlar. Amma sükanın istiqaməti dəyişəndə loyallığın da istiqaməti dəyişə bilər. Bu səbəbdən bir gün Paşinyana qarşı onun öz adamları çıxsa, ən böyük sürpriz onların ona qarşı çıxması yox, həmin şəxslərin vaxtilə məhz Paşinyanın özü tərəfindən irəli çəkilməsi olacaq.
Görəsən, bu versiya nə dərəcədə realdır?
Siyasi şərhçi Vüqar Əhmədov bildirib ki, Paşinyanın komandasında fikir ayrılığı və narazılıq mümkündür. Bununla belə, ekspert bu komandada onu əvəz edəcək və ya devirəcək kimsənin tapılacağını da düşünmür:
“Çünki bu şəxslərin əksəriyyəti Paşinyanın hakimiyyətə gəlməsi nəticəsində yüksək postlara yiyələniblər.
Nikol Paşinyan vaxtaşırı öz komandasında, güc strukturlarında dəyişikliklər edib, komandasına yenilik gətirib. Bu gün Ermənistan hakimiyyətində əsas fiqur Nikol Paşinyandır və erməni seçiciləri ona səs verərək yenidən hakimiyyətdə qalmasını dəstəkləyiblər. Ölkə daxilində siyasi komandadan Paşinyana qarşı hər hansı təhdid inandırıcı görünmür. Təbii ki, Ermənistanda keçirilən son seçkilər Paşinyan üçün rəqabətli keçdi, ölkə daxilində köhnə siyasi qüvvələr, Rusiyaya bağlı oliqarxlar, kilsə, diasporadan dəstək alan millətçi qüvvələr, Qarabağdan olan qaçqınlar faktiki Paşinyan hakimiyyəti üçün bir təzyiqdir. Bu şəraitdə Paşinyanın ölkədə sürətli islahatlar aparması çətin görünür və bu qüvvələrin mövcud olması siyasi sistemə təzyiqi artırır”.
Müsahibimizin sözlərinə görə, Paşinyan üçün hakimiyyətinin monolitliyini qorumaq müəyyən qədər çətin olsa da, ona loyal yanaşan siyasi qüvvələr də mövcuddur:
“Bu şəraitdə yaxın zamanlarda Paşinyanın öz komandası tərəfindən devrilməsi inandırıcı görünmür. Çünki belə olan halda ölkədə ciddi qeyri-sabitlik və qarşıdurmalar yaşana bilər. Məhz bunları nəzərə alaraq, Paşinyan Azərbaycanla sülh prosesində həlledici addımlar atmağa hələ ki, tələsmir”.
Rüfət Sultan
Mənbə: www.bakupost.az