Ölkəmizə qarşı daima qərəzli mövqe tutduğuna görə yayımı qadağan edilən “EADaily” sərsəm iddia ortaya atıb
“EADaily” İnformasiya Agentliyinin siyasi şərhçisi Mixail Oşerov son günlər Xəzərdəki hərbi gərginlik haqda “təhlil” yazıb.
Gərginlik iyulun 25-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində olan İran ticarət gəmisinə hücum etməsi ilə başlayıb.
Hücum nəticəsində bir iranlı dənizçi həlak olub, daha biri yaralanıb:
“Zelenski Ukrayna ordusunun Xəzər dənizindəki gəmilərə məqsədyönlü şəkildə zərbələr endirdiyini birbaşa təsdiqləyib və bunu həmin gəmilərdən Rusiya ilə İran arasında hərbi təyinatlı yüklərin daşınması üçün istifadə edilməsi ilə əsaslandırıb. İranın cavabı dərhal olub. Tehran hücumu qətiyyətlə pisləyib, Ukraynanın səfiri isə təcili olaraq İran Xarici İşlər Nazirliyinə çağırılıb. İranın xarici siyasət qurumu Kiyevin hərəkətlərini BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirib və simmetrik cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha sərt açıqlama verib: elit hərbi qurum qisas alınmasının zəruriliyini bəyan edib və Ukraynanın bütün ərazisinin İranın ballistik raketlərinin zərbə zonasına daxil olduğunu birmənalı şəkildə xatırladıb”.
Azərbaycana qarşı daima qərəzli mövqe tutduğuna görə ölkə ərazisində yayımı qadağan edilən “EADaily” nin yazarı “İranın gəmisinə hücum, eləcə də Rusiyanın dərin arxa cəbhədə yerləşən obyektlərinə zərbələr İsrailin Azərbaycan ərazisindəki hərbi bazalarından həyata keçirilmiş ola bilər” deyə, sərsəm iddia ortaya atıb.

Müəllif yazır ki, hadisələr iyulun 28-də günün ikinci yarısında gözlənilməz istiqamət alıb. Ukrayna rəhbərliyinin açıqlamalarının tonu köklü şəkildə dəyişib və aqressiv mövqeyi barışdırıcı ritorika əvəz edib:
“Ukraynanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Sibiqa İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb. İran diplomatiyasının rəhbərinin söhbətin yekunlarına dair bildirdiyinə görə, Andrey Sibiqa faktiki olaraq öz prezidentinin yüksək səslə səsləndirdiyi bəyanatları təkzib edib. Ukraynalı diplomat Əraqçini əmin edib ki, ticarət gəmisinə zərbə qəsdən endirilməyib və Kiyevin Tehranla münaqişənin eskalasiyasında heç bir marağı yoxdur”.

Bəs Ukraynanı belə kəskin şəkildə geri addım atmağa nə vadar edib? “Bu geosiyasi tapmacanın cavabı, ehtimal ki, həmin günün – iyulun 28-i səhərinin hadisələrində gizlənir. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Azərbaycan liderinin saytında yerləşdirilən rəsmi press-relizdən göründüyü kimi, söhbətin təşəbbüsü məhz Rusiya tərəfdən gəlib. Diplomatik praktikada bu, son dərəcə diqqətçəkən göstəricidir. Rusiya prezidenti digər dövlətlərin liderləri ilə telefon danışıqlarının təşəbbüskarı kimi nadir hallarda çıxış edir və bunu, bir qayda olaraq, yalnız fövqəladə hallarda edir. Bundan sonrakı hadisələr zənciri öz-özünə formalaşır. Aydındır ki, Vladimir Putinlə İlham Əliyevin söhbətindən sonra Azərbaycan – İsrail – Ukrayna xətti üzrə qeyri-rəsmi əlaqə kanalları işə salınıb. Bu kulis arxası məsləhətləşmələrin nəticəsi isə Kiyevin qəfil sülhsevər mövqeyə keçməsi olub. Ukrayna rəhbərliyi İranı hədələməyi dayandıraraq münaqişəni “əyləcləməyə” tələsib”.
Oşerovun “Azərbaycan ərazisindən Ukrayna dronları buraxılır” iddiası agentliyin aşkar yalanıdır. Müəllif bu ağır ittihamı təsdiqləyən heç bir konkret sübut, görüntü, rəsmi sənəd və ya etibarlı mənbə əlbəttə ki, yoxdur, ola da bilməz. Sadəcə Putin–Əliyev telefon danışığı ilə Ukraynanın İranla bağlı sonrakı açıqlamasını bir-birinə bağlayaraq öz versiyasını “məntiqli ssenari” kimi təqdim edir.
Daha diqqətçəkən məqam isə odur ki, Azərbaycanı prosesə cəlb etmək üçün heç bir əsas göstərilmədən İsrail və Ukrayna ilə bağlı müxtəlif iddialar bir zəncirə salınır. Bu, jurnalist araşdırmasından çox, siyasi məqsədlə qurulmuş və sübutsuz ittihamlar üzərində dayanan versiyadır.
Mənbə: www.musavat.com