İtaliyanın Florensiya şəhərində yerləşən tarixi San Marko monastırının aptek arxivində dünyanın ən məşhur içkilərindən biri olan “Coca-Cola”nın yaranma tarixi ilə bağlı diqqətçəkən tapıntı aşkarlanıb.
Araşdırmaçılar XIX əsrə aid sənədlər arasında müasir “Coca-Cola”nın sələfi hesab edilən içki ilə oxşar tərkibə malik qədim tonik reseptini üzə çıxarıblar.
Sənəd “iksir vinoso ricostituente” (bərpaedici şərab iksiri) adlanan içkinin reseptini ehtiva edir.
Həmin tonik fiziki və zehni yorğunluğu aradan qaldıran müalicəvi vasitə kimi təqdim olunurdu.
Resepti San Marko monastırının rahibi Manuel Russo aşkar edib. Onun sözlərinə görə, arxivlərdə aparılan araşdırmalar zamanı əvvəlcə bu iksirin reklamına rast gəlinib, daha sonra isə rahiblərin aptekində ən çox istifadə olunan məhsullardan biri olduğu müəyyən edilib.
Araşdırmaya görə, reseptdə 1 litr spirtli qarışıq üçün 30 qram kola qozu və 10 qram Boliviya koka yarpağından istifadə olunurdu. Bildirilir ki, bu formula 1886-cı ildə amerikalı əczaçı Con Stit Pembertonun hazırladığı və sonradan “Coca-Cola”nın əsasını təşkil edən “French Wine Coca” (Fransız Şərabı Kokası) adlı içkinin tərkibi ilə, demək olar ki, eynidir.
Əsas fərq yalnız spirt komponentindədir. ABŞ-də tətbiq edilən spirt qadağası səbəbindən Pemberton sonradan spirti mineral su və şərbətlə əvəz etmişdi.
Manuel Russo bildirib ki, reseptin tarixi XVIII əsrə qədər uzansa da, onun ən geniş istifadəsi XIX əsrin sonu və XX əsrin əvvəllərinə təsadüf edib. Florensiyanın 1865-1871-ci illərdə İtaliyanın paytaxtı olduğu dövrdə dövlət məmurlarının və şəhər sakinlərinin bu toniki içmək üçün monastıra gəldiyi qeyd olunur.
Arxivdə reseptlə yanaşı, orijinal etiketlər və həmin dövrə aid şüşələr də qorunub saxlanılıb.
Bununla belə, tədqiqatçılar Florensiyada hazırlanan bu iksirlə Pembertonun yaratdığı içki arasında birbaşa əlaqəni təsdiqləyən qəti sübutun olmadığını vurğulayırlar. Hazırda bu oxşarlıq yalnız tarixi fərziyyə kimi qiymətləndirilir.
Məqalədə qeyd olunur ki, “Coca-Cola”nın mənşəyi ilə bağlı maraqlı iddialar yalnız İtaliya ilə məhdudlaşmır. İspaniyanın Aielo de Malferit şəhərində XIX əsrdə istehsal edilən “Nuez de Cola Coca” adlı içkinin də məşhur qazlı içkinin yaranmasına ilham vermiş ola biləcəyi iddia edilir. Lakin bu ehtimalları təsdiqləyən qəti tarixi dəlillər hələ də mövcud deyil. (Qafqazinfo.az)
Mənbə: bizim.media