“İrana qarşı yeni sanksiyalar bazar ertəsi elan ediləcək”.
Bunu ABŞ maliyyə naziri Skott Bessent deyib.
Nazir bildirib ki, Vaşinqton Tehrana qarşı iqtisadi təzyiqi əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır. Onun sözlərinə görə, yeni sanksiyalar genişmiqyaslı hərbi hücumlara ehtiyacı azalda bilər.
Bessent yeni tədbirlərin İranın dəniz blokadası ilə paralel tətbiq olunacağını bildirərək bunu “iki mərhələli zərbə” adlandırıb. O, sanksiyaların İran iqtisadiyyatını təcrid etməyi və ölkəyə maliyyə dəstəyi göstərən dövlətlərə də təzyiq göstərməyi hədəflədiyini deyib.
ABŞ maliyyə naziri xəbərdarlıq edib ki, İranla iqtisadi əlaqələrini davam etdirən, o cümlədən, İran nefti alan və ya bu ölkə ilə dəniz ticarəti aparan şirkət və dövlətlər də sanksiyalarla üzləşə bilər.
Bessent Çinə xəbərdarlıq edərək, İran neftinin əsas alıcılarından biri olan Pekinin sanksiyalara münasibətini dəyişməli olduğunu bildirib.
Çin isə ABŞ-nin sanksiya siyasətinə qarşı çıxıb və tərəfləri problemin siyasi və diplomatik yollarla həllinə çağırıb.
İran xarici işlər naziri Abbas Əraqçi isə ABŞ-nin yeni sanksiya planını tənqid edərək, Vaşinqtonun bu addımla ölkə daxilindəki iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışdığını iddia edib.
Mənbə: qafqazinfo.az