""Ohanyan səddi" darmadağın edildi və işğalçı ordu silahını atıb qaçmağa başladı"

""Ohanyan səddi" darmadağın edildi və işğalçı ordu silahını atıb qaçmağa başladı"

Milli Məclisin deputatı Ağalar Vəliyev: "Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır"

"2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə düşmən təxribatlarının qarşısını aldı. Bu, "Aprel döyüşləri" kimi Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixinə yazıldı. Qısa zamanda "Ohanyan səddi" kimi uydurulmuş keçilməz düşmən səddi darmadağın edildi və işğalçı ordu Azərbaycan əsgərinin qarşısında silahını atıb qaçmağa başladı".

Bunu Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.

A. Vəliyev bildirib ki, 4 günlük döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu:

"Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargah və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, eyni zamanda Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi".

Millət vəkilinin sözlərinə görə, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini göstərdi.

"Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırıb:

“Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar.”

A. Vəliyev qeyd edib ki, 2016-ci ilin aprel döyüşləri günlərində millət vəkili kimi təmsilçisi olduğu 97 saylı seçki dairəsinə daxil olan və bilavasitə cəbhə bölgəsində yerləşən Goranboy, Ağdam və Tərtər rayonlarının Tapqaraqoyunlu, Zeyvə, Borsunlu, Mahrızlı və digər kəndlərində olub, yerli sakinlər və hərbçilərlə görüşüb, onlara maddi və mənəvi dəstək göstərib:

"Bu döyüşlərdə goranboylular da böyük əzm və şücaətlər göstərmişdir. Ordumuzun xüsusi təyinatlısı Bəxtiyar Hüseynov fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış, tankçı Razi Cavadov kimi neçə-neçə Goranboylu gənc Aprel qazisi kimi şərəfli adı qazanmışlar.

İstər 2016-cı ilin aprel döyüşləri və Naxçıvanda 2018-ci ilin uğurlu may əməliyyatları, istərsə də Azərbaycan Ordusunun yaranmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr edilən paradlar və genişmiqyaslı təlimlər təsdiqlədi ki, Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qətiyyətlə bildirib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcək. 2016-cı ilin apreli bu qətiyyətin başlanğıcı oldu. Bu, ordu ilə xalqın birliyinin qələbəsi kimi tarixiləşdi. Bu qələbə ermənilərin illərlə formalaşdırmaq istədiyi rəyin puç olduğunu da təsdiqlədi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır.

2020-ci ilin fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən 56-cı Təhlükəsizlik konfransında Prezidentimiz cənab İlham Əliyevin, heç bir siyasi nüfuzu və idarəçilik təcrübəsi olmayan, küçə hərəkatından hakimiyyətə gəlmiş Ermənistanın baş naziri N.Paşinyanla siyasi debatında, onu necə çıxılmaz və məğlub duruma salması bütün dünya mediasının əsas xəbərinə çevrildi. Bütün dünya ictimaiyyəti, xüsusən də diplomatik arena Azərbaycan Prezidentinin siyasi qətiyyətini və çevik zəkasını yüksək qiymətləndirdi. Bu bir daha onu göstərdi ki, Azərbaycanın mövqeyi birmənalıdır - işğal altında olan bütün torpaqlarımız azad olunmalıdır və azad olunacaq".

Mənbə: moderator.az