Ermənistanın daxili siyasətində yenidən çalxalanmalar müşahidə olunur. Ölkənin keçmiş prezidenti Serj Sərkisyan son vaxtlar siyasi fəallığını artırmaqla diqqət mərkəzinə gəlib. O, hakimiyyəti tənqid edən çıxışlar edir, ölkədəki sosial və siyasi gedişatdan narazılığını açıq şəkildə söyləyir. Sərkisyan hazırkı baş nazir Nikol Paşinyanın Ermənistanı böhrana sürüklədiyini və yeni hakimiyyətin zəruri olduğunu bildirir. Bu çıxışlar isə cəmiyyətdə narahatlıq doğurur.
Serj Sərkisyan Ermənistanda hakimiyyətə gələcəkmi? Onun aktivləşməsi nədən xəbər verir?
Siyasi şərhçi İlham İsmayıl bildirib ki, hər il apreldə Ermənistanda müəyyən siyasi gərginlik və çalxalanmalar müşahidə olunur. Bu proseslər əsasən bir neçə gün ərzində planlaşdırılmış təxribatlarla əlaqədardır:
“Bütün bu gərginliklər 24 apreldə qeyd ediləcək qondarma “erməni soyqırımı” tədbirləri ilə bağlıdır. Məqsəd cəmiyyətin həssas nöqtəsinə toxunmaq və bunun üzərindən siyasi manipulyasiya aparmaqdır. Serj Sərkisyan partiyasının 35 illiyi ilə bağlı çıxışında birbaşa hakimiyyətə gəlmək niyyətindən danışmasa da, hazırkı hökuməti tənqid etdi. Görünür ki, gələcəkdə yenidən hakimiyyətə qayıtmaq uğrunda mübarizəyə başlamaq istəyir. Onun hakimiyyətdən uzaqlaşdırılması da məhz 23 aprel tarixində baş vermişdi.
İlham İsmayıl
İndi də Qarabağ ermənilərini 23 aprel tarixində keçiriləcək aksiyalara səsləyir. Həmin gün məşəl yürüşü planlaşdırılıb və bu tədbirdən istifadə edərək Paşinyan hakimiyyətinə qarşı mitinq təşkil etmək niyyətləri var. Mövcud vəziyyətdən maksimum yararlanmağa çalışırlar. Bu kimi cəhdlər artıq 8 ildir ki, təkrarlanır və Paşinyana sadiq olan güc strukturları bu proseslərin fərqindədir. Görünür, Serj son cəhdlərini edir”.
İ.İsmayılın sözlərinə görə, Serj Sərkisyanın yenidən hakimiyyətə gəlməsi real görünmür:
“Nikol Paşinyanın nüfuzu nə qədər aşağıdırsa, Serj Sərkisyan və Robert Köçəryanın nüfuzu ondan da aşağıdır. Cəmiyyət bu şəxslərə qarşı açıq nifrət hissi bəsləyir. Ona görə də bu cəhdlər nəticəsiz qalacaq”.
Safura Bənnayeva
Mənbə: globalinfo.az