65 yaşa çatmış həkimlər təqaüdə deyil, bölgələrə göndərilsin – TƏKLİF

65 yaşa çatmış həkimlər təqaüdə deyil, bölgələrə göndərilsin –

Qanunvericiliyə əsasən, dövlət büdcəsindən maliyyələşən işçilərin pensiya yaşı 65-dir. Yəni 65 yaşı tamam olan müəllimlər, həkimlər və digər işçilər avtomatik olaraq işdən kənarlaşdırılır.

Təqaüd yaşına çatmış şəxslərlə hansı halda əmək müqaviləsi bağlana bilər?

Lakin həmin yaşda olan şəxslərin yenidən əmək prosesinə cəlb olunması üçün müəyyən qaydalar var. Belə ki, onların əmək müqaviləsi bir ili keçməmək şərti ilə, 5 dəfə olmaqla artırıla bilər. Bu da onlara 70 yaşına qədər işləmək imkanı verir. Yenidən əmək fəaliyyətində iştirak etmələri üçün bu şəxslərin elm, təhsil, mədəniyyət və səhiyyə sahələrinin inkişafında xüsusi xidmətlərinin olması vacibdir.

Həkim və müəllimlərin 65 yaşda işdən kənarlaşdırılması isə cəmiyyətdə birmənalı qarşılanmır. Bəziləri hesab edir ki, gənc kadrlar işə cəlb olunsalar da yaşlı kadrları əvəz edə bilmirlər. Bəzisi isə bunun onların psixologiyasına ciddi zərər verdiyini və yaşlı insanların təkcə pensiya ilə maddi təminatının mümkün olmadığını bildirirlər.


Digər məsələ isə kadr çatışmazlığıdır. Bölgələrdə yerləşən təhsil, mədəniyyət və tibb müəssisələrində kadr çatışmazlığı var. Bunu müvafiq qurum səlahiyyətliləri də dəfələrlə vurğulayıb.

Ona görə də yaşa görə işdən kənarlaşdırılan şəxslərin bölgələrə göndərilməsi və işlə təmin edilməsi ilə bağlı müxtəlif zamanlarda təkliflər səsləndirilib.

Bir neçə il öncə Milli Məclisdə müzakirələr zamanı deputat Məlahət İbrahimqızı deyib ki, Avropa ölkələrində həkimlər 70 yaşa qədər işdə saxlanılır:

“Heç olmasa pensiyaya çıxanları bölgələrdə işlə təmin etsinlər, bölgələrdə kifayət qədər vakansiyalar var. Heç olmasa 65 yaşdan yuxarı həkimləri rayonlara göndərsnlər”.

Bu fikir müəlliflərindən biri də tibb sahəsi üzrə mütəxəssis, professor Adil Qeybulladır.

Bəs pensiyaya çıxmış həkimləri bölgələrə göndərmək nə dərəcədə doğru olar?

Adil Qeybulla açıqlamasında bildirib ki, 65 yaşa çatmış həkimləri təqaüdə göndərmək əvəzinə rayonlarda onların əməyindən istifadə etmək olar:

“Həkimlik və müəllimlik təcrübəyə bağlı olduğuna görə, yaş amilinə çox ehtiyatlı yanaşmaq lazımdır. Əmək qabiliyyəti yetərincə olan, işləyə bilən, işləmək həvəsi olan şəxslər öz işində qalıb işləyə bilərlər. Əmək qabiliyyətini itirmiş şəxslər isə bu hüquqdan istifadə edib pensiyaya gedə bilərlər. Hesab edirəm ki, buna diqqət etmək lazımdır. Ucdantutma hamını pensiyaya göndərmək düzgün praktika olmazdı. Bu yanaşmada müəyyən kriteriyalar olmalıdır. Bəzən görürsüz ki, yetərincə əmək qabiliyyəti olan həkimləri işdən kənarlaşdırırlar. Halbuki onların istedad və qabiliyyətindən, təcürbəsindən hələ insanlar xeyli faydalana bilərdi. Rayonlarda həmin həkimlərin təcrübəsindən istifadə məsələsinə gəldikdə isə bu da təklif edilə bilər. Çünki Bakıda yaşamış, işləmiş adamın gərək buna da həvəsi olsun. Yəni bu məcburi xarakter daşıya bilməz”.

Günay Şahmar

Mənbə: bizim.media