Heç kimə sirr deyil ki, İran nüvə silahı əldə etməyin bir addımlığındadır. İran 90 faiz uranın zənginləşdirilməsinə nail olub. Belədə Tehran artıq nüvə silahı əldə etmək məsələsində başlanılan işi başa çatdırmaq ərəfəsindədir. ABŞ isə danışıqlara getməklə sanki Tehrana vaxt qazandırır. Yəni Tehran bu vaxtdan istifadə edərək, planladığı işi rahatca başa çatdıra bilər.
Bu vəziyyət bir çox ekspertlər tərəfindən “danışılmış oyun” kimi qiymətləndirilir.
Bəs proseslər necə cərəyan edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, hələlik gözlənilən təhlükənin qarşısını almaq mümkündür:
“Regionun ən böyük təhlükəsi İran-ABŞ, İsrail toqquşması ola bilər. Tramp müharibənin əleyhinə olduğunu deyir. Bununla belə, İrana razılığa gəlmək üçün 2 ay vaxt verib. Bu tərəfdən də Netanyahu birmənalı olaraq qarşıdurmaya meyllənib. Hələlik bu təhlükənin qarşısını almaq mümkündür. İran potensialı olsa da, nüvə silahı hazırlamadığını bildirir. Bu xüsusda da əsəblər xeyli tarıma çəkilib. Pentaqon generalları da birmənalı olaraq müharibəyə qarşı çıxırlar”.
Politoloq qeyd edir ki, İranın zəiflədiyi barədə verilən məlumatlar əslində həqiqəti əks etdirmir:
“İsrail və ABŞ mətbuatı bir qayda olaraq bildirir ki, hazırda İran guya zəif vəziyyətə düşüb, hərbi infrastrukturu dağıdılıb. Lakin bunlar şişirdilmiş xəbərlərdir. Çünki İran son bir il yarım dövr ərzində böyük potensiala sahib olub. Belədə İranın hava hücumundan müdafiə imkanları genişlənib”.
Müsahibimiz bildirib ki, müharibə başlasa, ilk növbədə Amerika əziyyət çəkəcək:
“Çünki İranın raket potensialı həddən artıq güclüdür, 40 mindən artıq raket sistemləri var. Amerikanın bölgədəki hərbi bazaları bu fonda İranın hədəfindədir. İsrail özü İranın hipersəsli raketlərinin hücumuna məruz qalsa, bu ölkənin müqəddəratı da faciəvi olacaq. İsraildə 20-yə yaxın strateji obyekt var ki, onlar da İran raketlərinin hədəfindədir.
Odur ki, təhlükənin sovuşması üçün ilk növbədə Vaşinqton özü qərar verməlidir. Əlbəttə ki, Tehranın da üzərində böyük məsuliyyət var. Onlar da çevikliklərini azaltmalıdır”.
Rüfət Sultan
Mənbə: bizim.media