Astana sükutu: Ankara yenə təklənir - Politoloq

Astana formatının istənilən nəticəni verməməsinə Cenevrə proseslərinin təsiri böyükdür. Hər iki format mahiyyət etibarilə Suriyada münaqişənin nizama salınması və sülhün bərqərar olmasını hədəfləyir. Lakin Rusiya, Türkiyə və İranın təmsil olunduğu Astana formatı ABŞ və Qərbin Cenevrə formatı ilə təzad təşkil edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ərdoğan-Putin-Ruhani görüşünün COVİD-19 səbəbindən baş tutmaması və bunun proseslərə təsiri haqda danışarkən deyib. Politoloq bildirib ki, Astana formatı başda Suriya olmaqla, Yaxın Şərqdə baş verən siyasi qarşıdurmaların tənzimlənməsi yolunda ciddi bir təşəbbüs idi:

“Lakin etiraf etmək lazımdır ki, istənilən nəticəni vermədi. Hətta ötən il ərzində baş verən proseslər bu formatın arzulanan səviyyədə olmadığını göstərmiş oldu. Çünki Türkiyədən başqa heç kəs regionun problemlərinə adekvat yanaşma sərgiləmir”.

Q.Hüseynlinin sözlərinə görə, İranla Rusiyanın regional maraqları Türkiyə ilə üst-üstə düşmür:

“Astana formatında ölkələrin maraqlarını ümumiləşdirmək asan deyil. Xüsusilə mən burda İran və Rusiyanın Türkiyəyə qarşı heç də hər zaman səmimi davranmadığını qeyd edərdim. Bunu istər ötən il İdlibdə baş verən qarşıdurmalar, istərsə də Bəşər Əsədə dəstək fonunda müşahidə etmək olar. Türk hərbçilərinin Suriyada şəhid edilməsi ilə müşahidə olunan insidentlər bir daha Astana formatı daxilində ciddi fikir ayrılığı və maraq toqquşması olduğunu sübut edir. Təbii ki, istər İran, istər Rusiya, istərsə də Türkiyənin regionda maraqları fərqlidir. Rusiyanın regionda hərbi varlığı və neft-qaz yataqları üzərindəki haqq iddiaları, İranın Aralıq dənizinə qədər uzanan "Şiə hilalı" layihəsi və ən nəhayətdə Türkiyənin sərhədlərindən terror ünsürlərinə qarşı apardığı mübarizə bu üçlünün ciddi maraq fərqləridir”.

Politoloq, buna baxmayaraq, Astana formatının fəaliyyətini davam etdirməsini zəruri edən səbəblərin də olduğunu və buna görə görüşlərin davam edəcəyini vurğulayıb.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Tokioda fövqəladə vəziyyət rejimi mayın 25-də ləğv oluna bilər

SONRAKI XƏBƏR

Yasamalda avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb