Ötən günlərdə Bakının Xətai rayonu, Gəncə prospektində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində avtomobillər torpaq qatının altında qalıb.
Torpaq sürüşməsi nəticəsində avtomobilinə zərər dəyən, lakin KASKO sığortası olmayan şəxs dəymiş zərərin əvəzini kimdən tələb edə bilər?
Hüquqşünas Babək Umudov açıqlamasında bildirib ki, Gəncə prospektində baş verən hadisə nəticəsində avtomobilinə ziyan dəyən, lakin KASKO sığortası olmayan şəxslər də dəymiş zərərin əvəzini tələb etmək hüququna malikdirlər:
“Belə hallarda zərərin ödənilməsi məsələsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir və məsuliyyət hadisənin baş vermə səbəbindən asılı olaraq müxtəlif dövlət qurumlarının və ya özəl şəxslərin üzərinə düşə bilər. Əgər hadisə şəhər infrastrukturunun lazımi qaydada saxlanılmaması, istinad divarlarının qəzalı vəziyyətdə olması, ərazinin abadlaşdırılması və təhlükəsizlik tədbirlərinin görülməməsi ilə bağlıdırsa, məsuliyyət müvafiq icra hakimiyyəti, bələdiyyə və ya aidiyyəti kommunal təsərrüfat qurumlarının üzərinə düşə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət və yerli özünüidarəetmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində fiziki və ya hüquqi şəxslərə dəymiş zərər dövlət və ya müvafiq bələdiyyə tərəfindən ödənilməlidir. Əgər sürüşmə tikinti və ya qazıntı işlərinin normativ tələblərə uyğun aparılmaması, relyefin pozulması və ya istinad divarlarının keyfiyyətsiz inşası nəticəsində baş veribsə, bu halda zərərin ödənilməsi məsuliyyəti həmin işləri həyata keçirən podratçı və ya tikinti şirkətinin üzərinə düşə bilər”.
Hüquqşünas qeyd edib ki, sürüşmənin səbəbi iri diametrli su və ya kanalizasiya xətlərində baş vermiş qəza, sızma və ya digər texniki nasazlıq olarsa, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb müvafiq su və kanalizasiya təsərrüfatı qurumuna qarşı irəli sürülə bilər:
“Bununla yanaşı, zərərin kim tərəfindən ödənilməli olması üçün hadisənin baş vermə səbəbi rəsmi qaydada müəyyən edilməlidir. Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti geoloji qurumunun rəsmi rəyi mühüm əhəmiyyət daşıyır. Məsul tərəf hadisənin təbii fəlakət, yəni fors-major nəticəsində baş verdiyini iddia edə bilər. Lakin aparılan rəsmi araşdırmalar sürüşmənin insan amili, texniki səhlənkarlıq, baxımsızlıq və ya normativ tələblərin pozulması nəticəsində baş verdiyini təsdiqləyərsə, belə hal fors-major hesab edilmir və dəymiş zərərin qanunvericiliyə uyğun olaraq ödənilməsi tələb oluna bilər”.
Mənbə: demokrat.az