Hava dəyişiklikləri bəzi insanların səhhətinə təsir göstərə bilər, lakin meteohəssaslıq ayrıca xəstəlik sayılmır.
Bu barədə "Life.ru"ya nevroloq Qalina Çudinskaya məlumat verib.
Həkimin sözlərinə görə, hava dəyişiklikləri xüsusilə miqreni olan insanlarda tutmanı tətikləyə bilər. Atmosfer təzyiqinin kəskin dəyişməsi, temperatur və rütubətin artıb-azalması həssas insanlarda sinir sisteminə, damar tonusuna və ağrının beyində emalına təsir göstərə bilər.
Nevroloq bildirib ki, miqren zamanı sinir sistemi daha həssas olur. Stress, yuxusuzluq, parlaq işıq, hava dəyişiklikləri və bəzi qidalar ağrılara səbəb ola bilər. Bununla belə, isti və ya soyuq hava hər kəs üçün universal səbəb deyil. Bəzi insanlarda istidən, digərlərində isə kəskin soyuma və yüksək rütubətdən sonra tutma yarana bilər.
Həkim həmçinin maqnit qasırğalarının insan səhhətinə təsiri ilə bağlı elmi sübutların birmənalı olmadığını vurğulayıb.
Miqren zamanı ağrı adətən pulsasiyaedici olur, bəzən başın yalnız bir tərəfində hiss edilir və fiziki hərəkətlə güclənir. Ürəkbulanma, işığa və səsə həssaslıq da müşahidə edilə bilər. Gərginlik tipli baş ağrısında isə başda sıxılma və təzyiq hissi yaranır.
Mütəxəssis hava dəyişiklikləri tutmaları artırırsa, yuxu rejiminə riayət etmək, kifayət qədər su içmək, normal qidalanmağı və istidən qorunmağı tövsiyə edib.
Müəllif: Adəm
Mənbə: publika.az