Miqrantların Qərbə yeni yolu - Latviya sərhədində yeraltı tunel tapıldı

Miqrantların Qərbə yeni yolu -

Latviya Dövlət Sərhəd Mühafizə Xidmətinin əməkdaşları qanunsuz miqrant qruplaşmasının Baltikyanı ölkəyə keçmək məqsədilə Belarus ərazisindən qazdıqları yeraltı tunel tapıblar.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadla "Delfi" informasiya portalı məlumat paylaşıb.

"Sərhəd zonasında geyimləri torpağa bulanmış bir qrup qanunsuz miqrant yaxalanıb. Sərhəd pozuntusunun təfərrüatı araşdırılarkən yeraltı tunel aşkar edilib", - deyə daxili işlər naziri Yanis Dombrava bildirib.

Latviya ərazisində dövlət sərhədinin bu cür tunel vasitəsilə keçilməsi halı yeni aşkar edilib. Asiya, eləcə də Afrika dövlətlərindən gələn qanunsuz miqrantların tətbiq etdiyi bu yeni metod, Baltikyanı ölkələrin sərhəd zolağında tikanlı məftillərlə fiziki əngəllər (mühəndis qurğuları) inşa etməsindən sonra ortaya çıxıb. Bununla onlar Belarus ərazisindən Latviya və Litvadan keçməklə Qərb ölkələrinə üz tutmağa çalışırlar. Litvada 2026-cı ilin may ayından etibarən təxminən 10 belə tunel aşkar edilib.

Mənbə: oxu.az