Xaricdəki “söyüş makinaları”nın sonu çatır - Cinayət işi

Xaricdəki “söyüş makinaları”nın sonu çatır - Cinayət işi

Araşdırmanın nəticəsi olaraq onlara həbs cəzası kəsilə və sonrakı mərhələdə Azərbaycanın tələbi üzrə ekstradisiya edilə bilərlər

Milli Məclisin mayın 21-də keçirilən iclasında YAP-çı deputat Siyavuş Novruzov xarici ölkələrə sığınaraq Azərbaycanda məmurları təhqir edənlərlə bağlı məsələni gündəmə gətirib. “İstər Milli Şura rəhbərliyi, istər xaricdə oturan blogerlər, digər şəxslər gəlir əldə edirlər. Heç bir siyasi fəaliyyəti olmayan şəxslərə arayış satanlara, həmin şəxslərin xarici ölkələrdə status almasına çalışanlar da araşdırılmalı və cəzalandırılmalıdır. Birisi gəlib Fəvvarələr Meydanında bir şəkil çəkdirir, sonradan o şəkli yayır ki, guya bu mitinq təşkil etmək istəyirmiş, təzyiqlərə məruz qalıb. Bununla da xaricdə status almağa çalışır, təhqirlər yayır. Hamısı maşın alverçiləri, ali təhsili olmayanlar, oğrular yığışıblar ora, Azərbaycana qarşı fəaliyyət göstərirlər” deyə, deputat bildirib. S.Novruzov Milli Koordinatora xitabən bildirib ki, xaricdə oturub təhqiramiz çıxışlar edən şəxslərin də ekstradisiyası ilə ciddi məşğul olmaq lazımdır.

Bu arada sosial şəbəkələrdə Almaniyada yaşayan müxalifətçilərdən birinin iddiaları diqqət çəkib. Bildirilir ki, “Azərbaycan hakimiyyəti Avropada olan bəzi blogerlərin şantaj yolu ilə məmurlardan pul aldıqları barədə sübutları Almaniya və digər ölkələrin prokurorluqlarına təqdim edib”.

“Hətta deyilənə görə, bir bloger şantaj yolu ilə 270 min avro alıb”, deyə o əlavə edib. Həmin şəxsin iddiasına görə, iş üzrə aparılan istintaqa ifadə verən bir nəfər də var.

Məlumatlı mənbələrdən azpolitika.info-ya daxil olan məlumata görə, Avropa ölkələrində mühacir həyatı yaşayan, müxtəlif platformalarda Azərbaycanda yüksək rütbəli dövlət rəsmilərini mütəmadi olaraq təhqir edən bir neçə “bloger” sözügedən cinayət əməli törədib. Onlar məmurları və iş adamlarını ailə üzvləri və özləri barədə şəxsi məlumatları yayacaqları ilə hədələyərək, külli miqdarda vəsait əldə ediblər. Daha sonra həmin pullar Avropa ölkələrindəki banklar vasitəsi ilə nağdlaşdırılıb. Avropa İttifaqı qanunvericiliyinə görə vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin bank hesablarına daxil olan vəsaitlərin mənbəyi açıqlanmalıdır. Amma sözügedən “bloqçular” pulları nağdlaşdırıb, yaxud başqa hesablara köçürsələr də, banklara heç bir sənəd təqdim edə bilməyiblər.

Mənbə bildirib ki, onların bir qismi şantajla əldə etdikləri vəsait hesabına daşınmaz əmlak, bahalı avtomobillər əldə edib, eyş-işrətlə məşğul olublar.

Məlumata görə, onların bir qismi yerli hüquq- mühafizə orqanları tərəfindən istintaqa cəlb edilib. Araşdırmanın nəticəsi olaraq onların cinayət işi məhkəməyə göndərilə, həbs cəzası kəsilə və sonrakı mərhələdə Azərbaycanın tələbi üzrə ekstradisiya edilə bilərlər.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqlarını Müdafiə Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, xaricdə oturub təkcə hakimiyyətdəki insanların deyil, ayrı-ayrı ictimai-siyasi xadimlərin, incəsənət adamlarının, media təmsilçilərinin ünvanına təhqirlər yağdıran şəxslərin hərəkətləri qanun pozuntusu olmaqla yanaşı, əxlaqi, mənəvi dəyərlərə də ziddir: “Söyüş, təhqir, böhtan yağdırmaları onların cinayət məsuliyyətinə cəlb olunması üçün hüquqi əsaslar yaradır. O baxımdan həmin xaricdəki Azərbaycan vətəndaşları cinayət məsuliyyəti yaradan və əxlaqi dəyərlərdən uzaq olan ifadələrdən çəkinməlidirlər. Əks halda, istənilən an onlara qarşı cinayət işi açılması üçün hüquqi əsasları özləri yaratmış olurlar: ”O ki qaldı onların həbs olunub Azərbaycana ekstradisiya edilmələrinə, bu məsələ bir qədər uzun prosesdir. İlk növbədə onlar haqqında cinayət işi qaldırılmalı və yaşadıqları ölkəyə onların cinayət törətdiklərini sübuta yetirən ittiham sənədləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təqdim edilməlidir. Və o adamlar barəsində axtarış elan olunmalıdır. Həmin şəxslər saxlanıldıqdan sonra yaşadıqları ölkə ilə Azərbaycan arasında onların ekstradisiyası haqqında danışıqlar başlamalıdır. Danışıqlar nəticəsində Azərbaycan tərəfinin ortaya qoyduğu sübutları həmin dövlət qəbul edəcək və ya etməyəcək, saxlanılan şəxsi təhvil verəcək, yoxsa sərbəst buraxacaq, bu başqa məsələdir. Azərbaycan hüquq-mühafizə orqanları hüquqdan kənar hər hansı hərəkət edə bilməz. Yəni həmin şəxsləri gizli şəkildə saxlayıb ələ keçirib ölkəyə gətirmək kimi addıma gedə bilməzlər. Bu, siyasi skandal yaradar. Ona görə də bu məsələdə emosionallıqla hərəkət etmək olmaz. Həmin söyüşcül şəxslərə qarşı cinayət işi açılsa, ən azı bu addım onları bir qədər çəkindirəcək amil ola bilər".

Hüquq müdafiəçisinin sözlərinə görə, bəzi dövlətlərin özləri bəzən maraqlı olurlar ki, Azərbaycanda hakimiyyət təmsilçilərinə, ictimai-siyasi xadimlərə qarşı kimlərsə hücum etsinlər. Ona görə də söyüş söyən, böhtan yağdıran Azərbaycan vətəndaşlarına bəzi hallarda xüsusi şərait də yaradırlar, onları qoruyurlar.

Etibar SEYİDAĞA

Mənbə: musavat.com