Ata-oğul-nəvə: Kinostudiya direktorunun yazıçı oğlunu kitabları yox, rolları tanıtdı - BİZİM TƏQDİMAT

Ata-oğul-nəvə: Kinostudiya direktorunun yazıçı oğlunu kitabları yox, rolları tanıtdı - BİZİM TƏQDİMAT

Azərbaycanda ta qədimdən valideynlərinin yolunu davam etdirmək ənənəsi var.

Bu ənənə mədəniyyətdən, incəsənətdən də yan keçməyib.

Cebhe.info-nun növbəti araşdırma mövzusu valideynlərinin yolunu davam etdirən yazıçılar, jurnalistlər haqqındadır. Bu gün sizə atasının yolunu davam etdirən, tamaşaçıların "Bir qalanın sirri" filmindən Elşən kimi tanıdıqları Gündüz Abbasovdan bəhs edəcəyik.

Gündüz Abbasov 1930-cu ildə Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gəlib. Şəmsəddin Abbasov Azərbaycan nasiri, dramaturqu, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Şəmsəddin Abbasovun həyat yoldaşı Mələk xanım isə dahi azərbaycanlı dramaturq Cəfər Cabbarlının qardaşı qızı idi. Onun adını “Sevil” pyesindəki Balaşın oğlu Gündüzün şərəfinə qoyublar . Uşaqlıqdan sənətə həvəs göstərən Gündüz 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. Lap uşaqlıqdan kitaba böyük marağı olan Gündüz Abbasov tələbəlik illərində artıq ədəbi yaradıcılıqla məşğul olur, hekayələr yazır, tərcümələr edirdi. 50-60-cı illərdə “Papasının qızı”, “Canlı körpü” və “Qanadlar” adlı üç kitabı nəşr edilir, yüzlərlə hekayə, felyeton, məqalə və oçerki dövri mətbuatda dərc olunur.

Az müddət olsa da, Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri, sonra "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri kimi vəzifələrdə çalışıb. Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Bundan sonra ard-arda bir neçə filmdə çəkilən aktyor çəkildiyi filmlərdə müxtəlif planlı yaddaqalan xarakterik rollarda çəkilir. Gündüz Abbasov yazıçı kimi kifayət qədər məhsuldar olsa da, 1958-1990-cı illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 20-dək filmdə, o cümlədən 8 ekran əsərində əsas rollarda çəkilib, yaddaqalan, dolğun surətlər yaradıb. “Bir qalanın sirri” film-nağılında Elşən, “Aygün” televiziya filmində Elyar, “Bizim küçə”də Rasim, “Leyli və Məcnun”da Zeyd, “Telefonçu qız”da Mehribanın atası, “Vulkana doğru”da Uzun, “Dədə Qorqud”da Bəybura, “Qərib cinlər diyarında”da İblis, “Babək”də Pərvinin babası, “İşarəni dənizdən gözləyin”də şair, “Qəm pəncərəsi”ndə qoca kəndli, “Alman klinikasına şəxsi səfər”də milyonçu Lioznov, “Doğma sahillər”də Bəndalı kişi, “Yuxu”da Hidayət kişi və s. obrazları Gündüz Abbasov yaradıcılığının maraqlı səhifələridir. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak edib. Aktyorun çəkildiyi sonuncu film "Yuxu" filmi olub.

Sağlığında filmi görə bilməsə də, yaratdığı Hidayət əmi obrazı tamaşaçıların yaddaşında hər zaman xatırlanır. Gündüz Abbasov kinoda müəyyən qədər bəxti gətirməyən adamlardandır. Müasirlərinin dediyinə görə, o “Koroğlu” filmində baş rolu ifa etməli idi. Onu filmdə baş rola sınaq çəkilişlərinə dəvət etmək üçün Moskvaya teleqram vurulur. O vaxt “Bir qalanın sirri” filminin müəyyən epizodları Moskvada çəkildiyi üçün aktyor da orada idi. Rejissor Əlisəttar Atakişiyev teleqramı Gündüzə verməyib gizlədir, onun paralel olaraq başqa filmdə baş rola çəkilməsini istəmir.

Daha sonra çəkilişinə hazırlıq gedən “Şah İsmayıl” filmində Şah İsmayıl roluna təsdiq olunur. Amma müəmmalı şəraitdə bu filmin istehsalı baş tutmur. Halbuki Gündüz, foto və kino sınaq çəkilişlərindən uğurla çıxmışdı. Ancaq Gündüz Abbasov rejissor Əlisəttar Atakişiyevin “Bir qalanın sirri” film-nağılı ilə kifayət qədər məşhurlaşır. Film Fransada nümayiş olunandan sonra fransız kinematoqrafları Gündüz Abbasovla maraqlanmağa başlayır. Lakin məlum məsələdir ki, o vaxt SSRİ-dən çıxmaq çox çətin məsələ idi. Üstəlik peşəkar jurnalist və rəssam kimi də özünü sınayıb. Onun tərcümə etdiyi müəlliflərdən Anatoli Aleksin, Aleksey Tolstoyun və Çandar Krişanın adlarını çəkmək olar. O, həm də peşəkar idmançı idi. Əvvəlcə respublika voleybol komandasının üzvü, daha sonra kapitanı kimi beynəlxalq yarışlara da qatılıb.

Gündüz Abbasov iki dəfə ailə həyatı qurub. O, aktrisa Ofeliya Məmmədzadə ilə boşandıqdan sonra 1969-cu ildə Tamara Abbasova ilə ailə qurub və bu nikahdan 2 övladı dünyaya gəlib. Qeyd edək ki, sevilən kinoaktyorun, istedadlı yazıçının 65 illik həyatında yeganə qazancı tamaşaçı diqqəti və oxucu sevgisi olub. Gündüz Abbasov 1995-ci ildə 21 avqustda vəfat edib. Gündüz Abbasovun qızı Şəhla Gündüz də bu ənənəyə sadiq qalaraq valideynlərinin yolunu davam etdirib. Atasının yolunu şərəflə izləyən Şəhla Gündüz də şair-publisist, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Müşfiq" xatirə mükafatı laureatı və Prezident təqaüdçüsüdür.

Mənbə: cebhe.info