Ermənistanda Putinlə Paşinyanın telefon söhbətindən narahatdırlar: Moskva ona inanmır

Ermənistanda Putinlə Paşinyanın telefon söhbətindən narahatdırlar: Moskva ona inanmır

Ermənistanda baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında iyulun 27-də baş tutan telefon danışığı geniş müzakirə olunur. Siyasi şərhçi Mikael Badalyan hesab edir ki, bu danışıq İrəvanın Moskva ilə münasibətlərdə gözlədiyi nəticəni verməyib və Ermənistan hakimiyyətinin siyasətinin iflasını nümayiş etdirib.

Badalyan Paşinyanın Rusiyaya münasibətdə "balans siyasəti" yürütmədiyini bildirib.

Onun sözlərinə görə, əvvəlki Ermənistan rəhbərləri Qərblə Rusiya arasında balans yaratmağa çalışsalar da, Paşinyan fərqli yol seçib.

Politoloq vurğulayıb ki, Paşinyan Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirərkən, eyni zamanda Rusiyanın ölkəsinə əvvəlki kimi dəstək verməsini gözləyib. O bildirib ki, Moskva artıq İrəvanın bu siyasətinə inanmır və Rusiya üçün vacib olan sözlər deyil, konkret addımlardır.

Badalyan qeyd edib ki, Paşinyan Putinə məhz məzuniyyətinin başa çatması, yeni parlamentin fəaliyyətə başlaması və Avrasiya İqtisadi İttifaqının (Aİİ) Bişkek sammiti ərəfəsində zəng edib.

Onun sözlərinə görə, Ermənistan rəhbəri əsasən Rusiya bazarında erməni məhsullarına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını istəyib.

Politoloq bildirib ki, Putin isə Ermənistanın Avropa İttifaqına inteqrasiya kursu ilə bağlı əvvəlki mövqeyini dəyişməyib və Avropa İttifaqı ilə Aİİ arasında seçim məsələsinin referendum yolu ilə həll olunmasının vacibliyini bir daha gündəmə gətirib.

Badalyanın sözlərinə görə, Paşinyan isə referendumun yalnız Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət edəcəyi halda keçiriləcəyini deyib.

O hesab edir ki, məhz İrəvanın bu mövqeyi Rusiya tərəfindən tətbiq olunan iqtisadi məhdudiyyətlərin əsas səbəblərindən biridir:

"Ermənistan cəmiyyətində narazılıq getdikcə artır və bunun əsas səbəbi siyasi deyil, iqtisadi problemlərdir. Xüsusilə fermerlər və sahibkarlar Rusiya bazarında yaranmış çətinliklərdən ciddi zərər görürlər. Bu vəziyyət davam edərsə, Paşinyanın əsas seçici bazası da hakimiyyətə qarşı çıxmağa başlaya bilər."

Siyasi şərhçi əlavə edib ki, Ermənistanın Avropa İttifaqı ilə bağlı mümkün referendumunda saxtakarlıq etmək parlament seçkilərindən daha çətin olacaq. Onun fikrincə, belə bir hal baş verərsə, bu, kütləvi etirazlara səbəb ola bilər.

Mənbə: publika.az