Əmirlik-Krallıq ittifaqı daxilində rəqabət; Liviya ümidlərinin tükənməsi - Təhlil

Əmirlik-Krallıq ittifaqı daxilində rəqabət; Liviya ümidlərinin tükənməsi - Təhlil

Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı ittifaqı tərəfindən “İslam dünyasını nizama salma” cəhdləri 2020-ci ildə dalana dirənib. Bunun əsas səbəbi kimi, ittifaqın mövcud potensial sərhədini olduqca aşaraq geniş ərazidə təsir və təzyiq qabiliyyətini artırmağa çalışmasıdır. Bu ittifaq çərçivəsində Əmirliyin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayid əl-Nahyanın daha aktiv bir şəkildə ön plana çıxaraq Türkiyə və İranı “cilovlama” cəhdlərinin uğursuzluğa düçar olduğu müşahidə olunur. Həm Yəmən, həm də Liviya döyüşlərinin bir hissəsi olan Əmirliyin, sadəcə bu iki cəbhədə deyil, təsirini artırmağı hədəflədiyi bir sıra ərəb ölkələrində də gerilədiyini görmək mümkündür. Yəmənə əmirlik-krallıq ittifaqı tərəfindən tətbiq olunan mühasirə və sanksiya strategiyası nəticəsində ortaya çıxan ağır qida və tibbi böhran, eləcə də, qida və yardım gəmilərinin vurulması ittifaqın Qərb tərəfindən də dəstəklənməməsinə və böyüməyərək cılız bir ittifaq formasında qalmasına səbəb oldu. Belə bir siyasət, bəzi ərəb ölkələrinin belə əmirlik və krallığa şübhə ilə yanaşmasına yol açdı. Əmirliyin şimali Afrika regionunda da təsir qabiliyyətini artırma cəhdi istənilən nəticəni vermədi. Mərakeş krallığının, əvvəlcə Yəməndə Əmirlik-Səudiyyə ittifaqına qatılacağını bildirməsi, lakin sonradan rədd edərək güc yolu ilə dəyişikliyi qınaması, Misirdən gözlənilən genişmiqyaslı dəstəyin əldə edilməməsi ittifaqın ərəb ölkələri arasında nüfuzunun zədələndiyini göstərir. Bütün bunlardan əlavə, Mərakeşdə fəaliyyət göstərən Əmirliyə bağlı araşdırma mərkəzinin din - məzhəb konteksində hökumət əleyhində xalqı təşviq etməsi və daha sonra bu mərkəzin “maliyyə resursları qıtlığı” səbəbilə bağlanması, iki ölkə arasında qarşılıqlı inamın azalması ilə nəticələndi.

Digər tərəfdən, Tunis daxilində Əmirliklər tərəfindən maliyyələşdirilən bəzi müxalif qəzetlərin də qaralama kampaniyasına başladıqları müşahidə olunur. Uzun müddətdir iki ölkə arasında olan fikir ayrılığının növbəti mərhələdə daha da dərinləşəcəyini güman etmək olar.

Eyni zamanda, Fələstin problemini ABŞ prezidenti D. Trampın yol xəritəsi əsasında həll olunmasına çalışan əmirlik-krallıq ittifaqı, İslam dünyasında yenidən güclü nüfuz qazanmağı hədəfləyir. Lakin bu hədəfdə də ittifaqın uğur qazana bilmədiyi görülür. Belə ki, 21 May tarixində Əmirlik tərəfindən Fələstinə pandemiya səbəbilə göndərilən yardımın, Fələstin rəhbərliyinin diqqətə alınmadan, birbaşa İsrail ilə koordinasiya edilməsi Fələstin tərəfindən etirazla qarşılanmış və yardım təyyarəsi qəbul edilməyərək geri göndərilmişdi. Fələstin daxilində planın sərt şəkildə tənqid olunması, bu planın uğurla nəticələnəcəyinə ciddi şübhələr yaradır. İttifaqın Fələstin kartını irəli sürərək təsir qabiliyyətini artırma istəyinin ən azından yaxın gələcəkdə öz məqsədinə çatma ehtimalı azdır.

 

Əmirliyin Liviya ümidləri sürətlə tükənir

Liviyada Əmirlik dəstəkli Haftar qüvvələrinin son 8 ay ərzində ələ keçirdikləri əraziləri sürətlə itirməsi, hökumət qüvvələrinin təşəbbüsü ələ alması Əmirlik cəbhəsində də böyük narahatlıqla qarşılandı. Cari ilin 18 May tarixində hökumət qüvvələrinin Liviyanın qərbində ən böyük hərbi baza olan əl-Vatiyyə bazasına nəzarəti ələ keçirməsi nəticəsində böyük psixolojik üstünlük əldə etdi. Paytaxt Tripoli ətrafındakı mühasirə halqasının qırılması, Haftar qüvvələrinə aid 9 ədəd Pantsir sisteminin məhv edilməsi sonrası Əmirliklər təcili atəşkəs çağrışları etdi. Həftar qüvvələri sözcüsü əl-Mismari isə baş verən hadisələri “taktiki geri çəkilmə” olaraq dəyərləndirdi. Həftar tərəfdarlarının sürətli geriləməsi qarşısında Əmirliklər sadəcə rus dəstəyinə güvənir. Liviyada rus muzdluların varlığı isə ABŞ və İngiltərə tərəfindən qısa müddət əvvəl sərt şəkildə qınandı. Şübhəsiz ki, Həftar üzərindən Rusiyanın Aralıq dənizində yerləşmə ehtimalı NATO tərəfindən böyük təhdit olaraq qəbul edilir. NATO baş katibi Yens Stoltenberqin ötən həftə verdiyi açıqlmasında, Liviyada mərkəzi hökumətlə Həftarı tərəzinin eyni gözünə qoymayacaqlarını, mərkəzi hökumətlə əməkdaşlığa hazır olacaqlarına diqqət çəkmişdi. Digər diqqət çəkən məqam isə, 23 May tarixində ABŞ-ın Liviya üzrə səfiri Riçard Norland, Liviya Baş Naziri əl-Sərraca Liviya hökumətinin apardığı anti-terror əməliyyatlarıdan məmnun olduğunu ifadə etdi. Liviya hökuməti qəti şəkildə, Qərbin dəstəyini ala bilərsə Rusiyanın Haftardan dəstəyini geri çəkmə ehtimalı da olduqca yüksəkdir. Artıq rus muzdluların döyüş nöqtələrindən geri çəkilmələri il bağlı xəbərlər gəlir. Tripolinin ələ keçrilmə əməliyyatında iştirak edən muzdluların uğursuzluğa düçar olaraq Tərhunaya çəkildiyi, daha sonrası isə bir qədər də cənubda yerləşən Bəni Valid hava limanından 25 may tarixində təyyarələrlə daşındıqları ilə bağlı məlumatlar yayılmağa başlayıb.

Türk tərəfinin isə Türkiyə-Liviya hökumətlərarası anlaşmaya uyğun olaraq Liviya sahillərinə 4 döyüş gəmisi göndərdiyi öz təsdiqini tapıb. Haftar qüvvələrinin Liviyada, xüsusilə, Misratada yerləşən Türk loqistika mərkəzlərinin vurulacağını açıqlamasından sonra isə rəsmi Ankara 1 ədəd AWACS (havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi) və 2 ədəd F-16 döyüş təyyarəsini Liviyaya göndərdi. Eləcə də döyüş gəmiləri hazır vəziyyətə gətirilərək Haftar qüvvələrinin Türk mərkəzlərinə hücum edəcəyi halda tam şəkildə vurlacağı bildirildi. Bütün bu hadisələr fonunda, Əmirlik dəstəkli Həftar qüvvələrinin, Liviyadakı Türk varlığı qarşısında çəkindirici bir qüvvə tapa bilmədiyini görürük.Rusiyadan daha geniş şəkildə dəstək alıb-almayacaqları isə növbəti mərhələdə bilinəcək. Lakin Liviyada məsələnin hökumət qüvvələri lehinə həll olması üçün Rusiyanın balanslaşdırılmasının vacibliyini, şübhəsiz ki, əl-Sərrac hökuməti yaxşı bilir.

Əmirliyin və Haftarın əsas bel bağladığı Misir isə özü iqtisadi böhran və Efiopiya ilə su anlaşmazlığı problemini həll etməyə çalışır. Efiopiya hökumətinin Nilin əsas su mənbəyi olan Mavi Nil üzərində inşa etdiyi irihəcmli su anbarının 73%-ni bitirdiyini elan etməsi Misir tərəfindən xoş qarşılanmadı. Tərəflər arasında baş tutan çoxsaylı görüşlərdən sonuncusu da bir neçə gün əvvəl uğursuzluqla nəticələndi. Daha öncə dəfələrlə Misir rəhbərliyinin hərbi əməliyyatlar da daxil, bütün seçimlərin masada olduğunu ifadə etməsi məsələnin nə dərəcədə ciddi olduğunu göstərir.

Haftarın siyasi olaraq qurduğu yanlış strategiya, özünün vəziyyətinin daha da çətinləşməsinə səbəb oldu. Əmirliyin təkidi ilə daha əvvəl, general Həftarın özünü bütün Liviyanın rəhbəri elan edərək danışıqları rədd etməsi, Tripoli və Misrata şəhərlərində yaşayış yerlərini hədəfə alması, mərkəzi hökumətin legitimliyini daha da gücləndirdi. Qeyd edək ki, bənzər siyasət Liviyada olduğu kimi Yəməndə də Əmirliklər tərəfindən uğursuzluqla tətbiq edildi.

 

Əmirlik-Krallıq ittifaqı daxilində rəqabət

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi arasında Yəmən probleminə görə qurulan ittifaqın məcburiyyətdən qaynaqlandığını diqqətdən qaçırmamalıyıq. Bu ittifaq Hadi hökumətini dəstəkləmək məqsədilə qurulsa da, daha sonra Əmirliyin fərqli məcrada hərəkət etdiyi ortaya çıxdı. Cənub Keçid Məclisi adı altında Əmirliklər tərəfindən dəstəklənən silahlı qrupun Səudiyyə dəstəkli Hadi hökumətini sıxışdırdığı müşahidə olunmağa başladı. Qeyd edək ki, 2019-cu ilin Avqust ayında cənub keçid məclisinə tabe silahlı qruplar, əvvəlcə, Ədən şəhərini, daha sonra Əbyan və Şəbva şəhərlərini nəzarətə götürdülər. 5 Noyabr 2019 tarixində bu iki qrup arasında Riyad müqaviləsi imzalansa da, bu müqavilə sadəcə kağız üzərində qalaraq rəqabət davam etmişdi. Əmirliyin əsas hədəfi cənub keçid məclisinin Yəmənin cənub sahillərinə nəzarəti ələ keçirməsi, Hadi qüvvələri üzərində təzyiq yaradaraq daha çox siyasi paya sahib olmasıdır.Məhz buna görə, cari ilin 25 Aprel tarixində cənub keçid məclisi nəzarət etdiyi ərazilərdə muxtariyyət elan etdi. Lakin Əmirlik istisna, xarici dəstəkdən məhrum olduqları üçün daha sonra bu qərarı ləğv etdiklərini bildirdilər. 5 Mayda isə bu məclis, Hadi hökumətinə heç bir ərazi verməyəcəklərini ifadə etdi. Vaxtaşırı Səudiyyə dəstəkli Hadi hökumətilə, Əmirlik dəstəkli cənub keçid məclisi arasında toqquşmalar olur. Hər iki ölkənin Yəməndə daha çox təsirə sahib olma istəyi isə bu toqquşmaları qaçınılmaz edir.

Bundan əlavə, həm Əmirlik, həm də Səudiyyə daxilində, vəliəhd şahzadələrin izlədikləri xarici siyasətlə bağlı narazılıqlar özünü göstərməyə başlayır. Xarici mətbuatda yer alan məlumatlara görə, Dubai əmiri vəliəhd şahzadə Məhəmməd bin Zayed ilə görüşdə mövcud xarici siyasətin ölkənin maliyyə resurslarını tükətdiyini dilə gətirərək, ölkənin xarici investor cəlb etməkdə də artıq çətinlik çəkdiyini qeyd edib.

Səudiyyə Ərəbistanı daxilində də narazı qüvvələrin olduğuna şübhə yoxdur. Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bir çox önəmli şəxsləri cinayət məsuliyyətinə cəlb etdirməsinin əsas səbələrindən biri də xarici siyasətdən qaynaqlanan ölkə daxilindəki narazılıqlar idi.

Nəticə etibarı ilə, krallıq-əmirlik ittifaqı həm Yəmən, Həm də Liviya cəbhəsində hazırda böyük uğursuzluğa qarşılaşır. Digər ərəb ölkələri üzərində də öz təsirlərini artırma cəhdlərinin nəticə vermədiyini görmək mümkündür. İttifaq daxilində rəqabətin mövcudluğu, istənilən nəticənin əldə edilməsini çox yubadacaq, bəlkə də mümkünsüz edəcək.


Hafiz Məmmədov

Mənbə: Eastnews.org

Mənbə: eastnews.org